Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib

İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib
13.02.2022
A+
A-

İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib

 

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.

İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib

Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağını işə saldı.

Məlumat verildi ki, istər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti prosesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib. Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

“Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdıraq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir.

Bildirildi ki, yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasında isə ən müasir avadanlıq quraşdırılan 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 250 meqavolt-amper olan 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə “Qobu” Elektrik Stansiyasının qarşısında tikilib.

Yarımstansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımstansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq istismara verilən yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.

İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fasiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb. Yarımstansiyanın ərazisində abadlıq işləri görülüb, daxili yollar çəkilib.

Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.

“Qobu” Enerji Qovşağının enerjisistemə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, “Qobu” yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq “Yaşma” yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xətlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb.

Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

“Qobu” Enerji Qovşağının açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verdi.

Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi

– Salam, möhtərəm cənab Prezident, AZƏRTAC-a müsahibə üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün 330 kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq elektrik stansiyası istifadəyə verilir. Bir neçə gün bundan əvvəl yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak etdiniz. Ölkəmizdə enerji potensialının gücləndirilməsi baxımından bu stansiyaların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sismtemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.

– Cənab Prezident, məlumdur ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda, ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?

-Bəli, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır – Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq.

– Cənab Prezident Siz bərpaolunan enerji növləri ilə bağlı məsələyə toxundunuz, növbəti sualımız da bununla bağlıdır. Son illər Azərbaycanda bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

– Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik qeyd etdiyim kimi “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır. Mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik.

– Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınıza görə Sizə minnətdarıq. Sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun.

– Sağ olun.

 

kaynak:https://president.az/az/articles/view/55425

 

REKLAM ALANI